
Səfər Eyvazov
ESDESCON MMC-nin təsisçisi və direktoru
ESDESCON MMC olaraq əsas fəaliyyət sahəmiz bütün növ tikinti layihələrinin zəlzələ, külək və s. digər vibrasiyalar kimi faktorlara qarşı təhlükəsizliyini və müvafiq monitorinq sistemlərini təmin etməkdir. Göstərdiyimiz xidmətlərlə və məhsullarla daha təhlükəsiz, güclü və ağıılı konstruksiyaların inşaasını təmin edirik.
Tikinti layihələrinin təhlükəsizliyi ilk növbədə insan həyatı faktorunu əsas alaraq öz vacibliyini qazanır. Bildiyimiz kimi, Azərbaycan ərazisi də seysmik cəhətdən aktiv olan ərazilərdən biridir. Eyni zamanda paytaxt şəhərimiz də öz küləkləri ilə məşhurdur. Bu 2 nüans nəzərə alındıqda, ilk növbədə strateji binaların, sonra isə əhəmiyyət dərəcəsinə görə vacib olan bütün binaların və infrastruktur layihələrinin təhlükəsizliyinin təmin edilməsi bir ölkə üçün çox vacib məsələdir. Dünyada və qonşu ölkələrdə bununla bağlı çox ciddi addımlar atılır, xəstəxana, hava limanı və s. kimi strateji binaların zəlzələyə qarşı qorunması vacibləşdirilir. Ölkəmizdə də bununla bağlı çox ciddi addımların atılması üçün işlər gedir.
ESDESCON MMC olaraq biz də bu prosesə öz dəstəyimizi verməyə hazırıq. Fəaliyyət göstərdiyimiz sahənin vacibliyini və məsuliyyətini dərk edirik. Bu səbəbdən yüksək dəqiqlikli və güclü mühəndislik həll yolları təklif edərək keyfiyyətli və uzun ömürlü məhsulları təmin etməyə çalışırıq. Körpülər, viyadüktlər, binalar, qüllələr, bayraq dirəkləri, külək turbinləri və s. kimi bütün layihələrə eyni məntiq və eyni məsuliyyət ilə yanaşır, onun təhlükəsizliyini təmin etmək üçün ən uyğun həll yolunu təmin edirik. Fəaliyyət sahələrimizdən bir digəri isə konstruksiyaları daha təhlükəsiz, daha güclü və daha ağıllı konstruksiyalara çevirmək üçün lazım olan məhsul və xidmətləri təmin etməkdir. Bu çərçivədə geotexniki, beton-gərmə, asma tros, monitorinq və beton həlləri ilə bağlı fərqli məhsullar və müvafiq xidmətlər təmin edirik. Bunlarla paralel, yol-infrastruktur layihələri üçün memari/dekorativ qəliblərin, yol təhlükəsizliyinin təmini üçün bariyerlərin, zərbə qarşılayıcı bariyer sistemlərinin də satışını edirik.
Fəxr hissi ilə bildirmək istərdik ki, bu sahədə ölkəmizdə yüzdən artıq körpü layihəsinin, bir sıra qüllə (tower) tipli layihələrin və s. digər strateji konstruksiyaların zəlzələyə və küləyə qarşı qoruma sistemlərini təmin etmişik.