Ölkəmizdə zəlzələyə və küləyə qarşı qoruma sisteminin tətbiq edildiyi layihələrdən biri Dövlət Bayraq Meydanının yeni Bayraq Dirəyi layihəsidir.
Sözü gedən layihə nəinki Azərbaycanın, eləcə də dünyanın ən özəl layihələrindən biridir. Bu dəfə bayrağının ölçüsünə görə Ginnesin rekordlar kitabına düşən və bayrağı cənab prezident tərəfindən bir neçə ay öncə ucaldılan yeni bayraq dirəyi dünyanın ən hündür bayraq dirəklərindən biridir. Yeni bayraq dirəyi 195 m hündürlüyə malikdir. Bu hündürlükdə və tipdəki layihələr üçün zəlzələyə və xüsusən də küləyə qarşı qoruma sistemi ən vacib komponentlərdən biridir.
Bu layihəyə ESDESCON MMC olaraq Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın 148 yaşlı MAURER şirkətinin istehsalı olan 3 ədəd, cəmində 14 tonluq TMD (İnersiyalı Kütlə Damperi) sistemi təchiz etmişik. Bu TMD sistemi 3 addımlıdır. Yəni TMD sistemi küləyin və zəlzələnin şiddətindən asılı olaraq pilləli şəkildə işləyir. Ən zəif şiddətdə 1-ci addım, şiddət artdıqca 2 və 3-cü addımlar da işləməyə başlayaraq konstruksiyanın təhlükəsizliyini tam olaraq təmin edir və dirəyin silkələnmələrini söndürür. Belə ki, dirəyin konstruksiya hesabatının nəticələrinə görə TMD-siz halda nəzəri olaraq dirəyin təpədəki ən uc nöqtəsində yellənmə +/-3 metr alınırdı. TMD-nin tətbiqi ilə yellənməni nəzəri və praktiki olaraq +/-15 sm-ə qədər söndürmək mümkün oldu (20 dəfə daha az yellənmə).
Bu layihədə MAURER-in qarşısında olan çətinliklərin ən böyüyü konstruksiyanın dizaynına görə TMD sisteminin quruluşunun kəskin formada dəyişdirilməsi oldu. Çünki bayraq dirəyinin içində lift və müəyyən hündürlükdən sonra pilləkən konstruksiyaları yerləşdirildiyindən TMD sistemi dirəyin içindəki lift və pilləkənə mane olmadan dizayn edilməli idi. MAURER bu layihə üçün xüsusi olaraq ortası boş olan dairəvi TMD sistemi (boru şəkilli) dizayn və istehsal etdi. Dirək borusunun iç səthi boyu yerləşdirilən yüklər hərəkət edərək konstruksiyanın təhlükəsizliyini təmin edir.
ESDESCON MMC olaraq bu layihədə həmçinin inşaat zamanı tətbiq və istifadə olunmuş müvəqqəti damperlər də təchiz etmişik. Bu barədə müvafiq məlumatları saytımızda görə bilərsiniz.







